Xocalı rayonunun orta təhsil müəssisələrində “Bilik günü” münasibətilə tədbirlər keçirildi.
Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov Gəncə şəhəri ərazisində məcburi köçkünlər üçün salınımış 600 ailəlik qəsəbədə fəaliyyət göstərən Xocalı rayon Kosalar, Yaloba və Əli Kərim adına Başkənd kənd tam orta məktəbinin birlikdə keçirdikləri "Bilik günü" tədbirində iştirak etdi.
Tədbir Dövlət Himnimizin oxunması ilə başlandı .
Sonra məktəb direktorları çıxışlarında rəhbərlik etdiyi təhsil ocaqlarının ötən tədris ilində əldə etdiyi nailiyyətlərdən danışdılar. Şagirdlərin buraxılış və ali məktəbə qəbul imtahanlarında göstərdikləri nəticələr haqqında məlumat verdilər. Çıxışlarda qeyd olundu ki, qəsəbədə fəaliyyət göstərən bu 3 məktəb arasında elmi cəhətdən rəqabət vardır. Bu da təhsilin inkişafına müsbət təsir göstərir.
Sonra sevinc hislərini bölüşmək üçün söz valideynlərə verildi.
Xocalı Rayon Təhsil Şöbəsinin müdiri Şakir Əliyev çıxışında bildirdi ki, 2018-2019-cu tədris ilində rayonun ümumtəhsil məktəblərində 1595 nəfər şagirdin təhsili ilə 288 nəfər müəllim məşğul olmuşdur. Xocalı rayonu üzrə 125 nəfər XI sinif məzunundan 99 nəfəri ali və orta ixtisas məktəblərinə sənəd vermişlər, onlardan 54 nəfər ali, 20 nəfər isə orta ixtisas məktəbləriə qəbul olmuşlar.
Rayonumuzun icra başçısı Şahmar Usubov bildirdi ki, 15 sentyabr Bilik gününün Azərbaycan və türk əsgərlərinin Bakını düşmən işğalından azad etdikləri şərəfli gün ilə eyni günə düşdüyü üçün iki əlamətdar hadisəni eyni gündə qeyd edirik. 101 il öncə bu gün - sentyabrın 15-də Bakı işğaldan qurtuldu. 1918-ci il sentyabrın 15-də Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu yenicə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin milli ordu hissələri ilə birlikdə Bakıya daxil oldu, minlərlə şəhidin qanı bahasına şəhəri erməni-bolşevik işğalçılarından azad etdi, Azərbaycanımızın paytaxta çevirilməsində misilsiz tarixi rol oynadı.
Şahmar Usubov dövlətimiz tərəfindən təhsilin inkişafına göstərilən diqqət və qayğıdan söz açaraq bildirdi ki, ölkəmizdə təhsilin inkişafı sahəsində uğurlu layihələr, bir sıra dövlət proqramları həyata keçirilir, müasir tələblər səviyyəsində və yüksək standartlara cavab verən yeni-yeni təhsil müəssisələri tikilir və təmir olunur.
Məcburi köçkünlər üçün yaradılan şəraitdən danışan rayonumuzun icra başçısı, xocalılar üçün salınmış qəsəbələrdə bütün zəruri infrastrukturun yaradıldığını qeyd etdi. Gəncə şəhəri ərazisində salınımış qəsəbədə tikilmiş məktəb binasının öz gözəlliyi ilə seçildiyini vurğuladı. Yaradılmış şəraitin qarşılığında pedaqoji kollektivin məsuliyyətlə işlərinə yanaşmalı olduğunu dedi.
“Bilik günü” tədbirində şagirdlər şeirlər səsləndirdilər.
Sonda ilk zəngin sədaları altında şagirdlər sinif otaqlarına daxil oldular.
Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov qəsəbədə fəaliyyət göstərən məktəblərin şəraiti ilə maraqlandı. Məktəblərin dəhlizinə vurulmuş stendlərə, guşələrə baxış keçirdi. Birincilərin sinif otaqlarına daxil olan rayon icra hakimiyyətinin başçısı, körpə fidanları təbrik edərək onlara məktəb həyatında uğurlar arzuladı.